 |
|
...Əgər Mikayıl Müşfiq olmasaydı, yeni dövrün Azərbaycan ədəbiyyatı bütöv olmayacaqdı. Əgər Müşfiq olmasaydı, bu ədəbiyyatda onun yeri güllə yarası kimi boş və ağrılı olacaqdı. Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşarı edən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtizaza gətirməsidir. Şairin gözəl hiss, axıcılıq və məna zərifliyi ilə zəngin, dilədodağa yatan, tez də yadda qalan şeirlərinin çoxu nəğmədən seçilmir. Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik, amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik... Unudulmaz şairimizin seçmə əsərlərindən ibarət olan bu kitabda müxtəlif illərin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmışdır.
|
|
|
| Ana |
Mikayıl Müşfiq
Bir çox lirik şeir və poema müəllifi olan Mikayıl Müşfiq 1908-ci ilin iyun ayında Bakı şəhərində anadan olub. Uşaq ikən valideynlərini itirən Müşfiq 1915-ci ildə Rus-tatar məktəbinə qəbul olunub və burada təhsil alıb. 1920-ci ildə Bakı Müəllimlər Seminariyasına daxil olub. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda oxuyub. İnstitutun Dil və Ədəbiyyat fakültəsini bitirib. Orta məktəbdə müəllim işləyib. İlk şeri 1926-cı ildə "Gənc İşçi" qəzetində çap olunub. İlk şeri çap olunan ildən 13 il sonra - yəni 1939-cu ildə repressiya edilərək qətlə yetirilib.
Mikayıl Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı dərindən sevmiş, klassik ədəbiyyatımıza böyük məhəbbət bəsləmişdir. O, müasirini özünü dərk edən, mühitindən baş çıxaran görmək istəyirdi. Özünü dərk edən insanın nəcib sifətlərindən biri ənənəyə məhəbbətdir. Məhz əməyə bağlılıq insanı torpağı dərk etməyə gətirib çıxarır. Əmək insana güc verir. Şair belə düşünürdü.
Cəsarətli və uzaqgörən şairlərimizdən biridir Müşfiq. Milli Musiqi alətlərimizdən olan tarın konservatoriyada tədris olunması qadağan ediləndə, Mikayıl Müşfiq məşhur “Tar” şeirini xalqına bəxş elədi:
Oxu, tar, oxu, tar!...
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar...
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin acısı, şərbəti –
Alovlu sənəti.
Milli musiqi alətlərinin qorunması və əmək mövzusu ilə yanaşı Müşfiq insanın böyüklüyü, müəllim nüfuzu, səfil uşaqların himayəyə alınması, gənclik, tərbiyə, vətən, sənət, eşq, təklik, məhəbbət və bir çox mövzularda yazmışdır:
Günlərim keçməyir ancaq əməklə,
Xəyalım göyləri seyr eyləməklə,
Buludlar ömrümün karvanı olur,
Fikrim o karvanın sarvanı olur.
Ədəbiyyatın əbədi mövzusu – Məhəbbət mövzusunda Müşfiq də yazmışdır. Onun əsərlərində məhəbbətin sehri və ucalığı, hicranı və qısqanclığı öz əksini tapmışdır. Buna misal olaraq “Bir də baxsan mənə” şeirinin bir bəndini göstərmək olar:
Baxışın qəlbimi incitmişdir,
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Oxucularının ürəklərində yaşayır Mikayıl Müşfiq. Bu, onun bir şair kimi ən böyük arzusu idi:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür,
Şerim! Bu gülünc oyun bəllidir yarın,
Bizi də bəklər,
Səndə ol mənim kimi, fəqət məzarın olsun ürəklər!...
Mikayıl Müşfiqi bütün nəsillərə sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı olmuşdur:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Mikayıl Müşfiq bir sənətkar olaraq daima öz sənətini inkişaf etdirmək üçün çırpınmışdır. Böyük arzuları və duyğuları üçün bədii təsvir vasitələri tapmışdır. Müşfiq “Sabir üçün” şeirində deyir:
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?
Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?
Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim?
Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim?
Vaxtilə Mikayıl Müşfiqin şagirdi olmuş tibb elmləri doktoru Zəhra Salayeva beşinci sinifdə oxuyarkən sevdiyi müəllimlərinə xatirə üçün avtoqraf yazdırarmış. 11 mart 1934-cü ildə Mikayıl Müşfiq dərsə gələrkən Zəhra utana-utana ona da belə bir xahişlə müraciət edir. Müşfiq albomu gözdən keçirərək, Zəhranı sinif jurnalını gətirməyə göndərir. Zəhra müəllimlər otağından gələnəcən Müşfiq “Zəhra Üçün” şeirini yazır:
İləri qoş, iləri,
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanatlan,
Göylərə yüksəl, qızım.
Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydən günəş, ay sana,
Eyləyir “gəl-gəl”, qızım.
Əgər Mikayıl Müşfiq olmasaydı, yeni dövrün Azərbaycan ədəbiyyatı bütöv olmayacaqdı. Əgər Mikayıl Müşfiq olmasaydı, ədəbiyyatımızda onun yeri boş olacaqdı.
Mikayıl Müşfiqin şeirləri məna zərifliyi və gözəl hisslərlə doludur. Biz Müşfiqin şeirlərini tez yadda qalan mahnılardan ayırmırıq.
Mikayıl Müşfiqin 70 illiyi qeyd olunarkən yazıçılarımızdan biri ona münasibətini belə bildirmişdi:
“Qalsaydı 70 yaşı olurdu. Lakin kimsə onu 70 yaşında təsəvvür edə bilməz. Dahilərin dahiliyinə inanırıq, ancaq heç bir zaman onların uşaq və ya gənc olduqlarına inana bilmirik. Dahilərin dahiliyi, böyüklərin böyüklüyü, yaşından asılı olmayaraq, şöhrət zirvəsinə çatdığı anda həkk olunub qalır və əbədiyyətə köçürülür.”
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında, tariximizdə, xalqımızın yaddaşında və qəlbində həmişə 30 yaşlı çılğın bir gənc olaraq qalacaq. Ömrümüzün hər çağında onun nəğmələrini dinləyəcək, şeirlərini xatırlayacaq, harayını eşidəcəyik!...
Nigar xanım |
|